Xarici yaddaş qurğuları aşağıda verilənlərdir:
§ Sərt maqnit disk (Hard disc)
§ Elastik maqnit disk (Floppy disc)
§ Maqnit lent (Cassette)
§ Optik disk (Optical disc)
§ Fleş yaddaş (Flash memory)

Kompüter üçün ən əsas və vacib xarici yaddaş qurğusu Sərt diskdir (Hard Disc). Bu disklər sistem blokunun içərisində yerləşməklə anakarta IDE və ya SATA konnektorları vasitəsilə qoşulur. Müasir dövrdə fərdi kompüterlər üçün sərt disklərin tutumu yüzlərlə GB-dan bir neçə Tb-a qədər olur. Sərt disklər (Vinçester) üç əsas blokdan ibarətdir:
Birinci blok – informasiya saxlayan hissədir. Bir və ya bir neçə şüşə (metal) disklərdən ibarət olub üzəri hər iki tərəfdən maqnit materialı ilə örtülür ki, oraya da verilənlər yazılır. Hər bir diskin maqnit səthi konsentrik “cığırlar”a, onlar da öz növbəsində sektorlara bölünürlər. Bu isə sərt diki həcmli qurğu kimi təsəvvür etmək zərurəti yaradır. Buna görə də, sərt disk yaddaşını virtual silindrlər sistemi kimi təsəvvür etmək olar. Virtual silindr bütün işçi səthlərdə eyni radiusa malik olan cığırlardan ibarətdir. Beləliklə sərt diskin yaddaş fəzası bir-birinin içərisində yerləşən silindrlərdən ibarət olur.
İkinci blok diskin mexanikasıdır. O, diskin fırlanmasına və oxuyucu başlıqların dəqiq mövqe tutmasına cavabdeh olur. Sərt diskin hər bir işçi səthinə şaquli istiqamətdə yerləşən bir oxuyucu başlıq uyğun gəlir.
Üçüncü bloka verilənlərin emalına, mümkün olan səhvlərin təshihinə və mexaniki hissənin idarəsinə cavabdeh olan mikrosxem və həmçinin, keş-yaddaşın mikrosxemi kimi elektron hissə daxildir.
Sərt diskin əsas parametrləri aşağıdakılardır:
ü diskin həcmi,
ü verilənlərin oxunma sürəti,
ü daxil olmanın orta müddəti,
ü diskin fırlanma sürəti,
ü keş yaddaşın ölçüsü,
ü interfeysin tipi.

Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur. Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur. Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.

Floppi disk – düzbucaqlı plastik örtükdən və nazik və elastik maqnit disk yaddaş mühitindən ibarət yaddaş qurğusudur. Onlar floppi disk sürücüsü (FDD) tərəfindən yazıla və onuna bilir.
İlk floppi disklər 8 düymlük (200 mm) olub 1960-cı illərdə yaradıldı və 1971-ci ildən satışa çıxarıldı. “Floppi disk” termini 1970-ci ildə meydana çıxdı. Baxmayaraq ki, IBM öz məhsulunu “Disket tip 1” ("Type 1 Diskette") adlandırdı, bununla belə, sənayedə “floppy disc” termini işlədilməyə davam edildi. 1976-cı ildə Şuqart (Shugart) Assosiasiyası ilk 5,25 düymlük FDD-ni təqdim etdi. 1984-cü ildə IBM 1,2 MB yaddaş tutumlu 2 üzlü floppi diskini təqdim etdi. 1986-cı ildə 720 kB tutumlu, ikiqat sıxlıqlı, 3,5 düymlük mikrofloppi diskdən və 1,44 MB tutumlu, yüksək sıxlıqlı versiyasından istifadə etməyə başladı.
Floppi disklərin əksəriyyəti FAT12 fayl sistemi formatında formatlaşdırılır. FDD-nin verilənləri ötürmə sürəti 500 kilobit/saniyə (62,5 kB/saniyə) və axtarma müddəti bir neçə yüz millisaniyədir.
Zip disk – 1994-cü ildə IOMEGA tərəfindən təqdim olunan orta tutumlu disk yaddaş qurğusudur. İlkin zip disklər 100 MB, sonrakılar isə uyğun olaraq 250 və 750 MB tutuma malik idi. Orijinal zip sürücüsünün maksimal verilənləri ötürmə sürəti 1 MB/saniyə və axtarma müddəti 28 millisaniyə idi. 90-cı illərin ortalarından sonlarına kimi tipik hard disklər dəqiqədə 5400 dövr fırlanma sürətinə, 3-10 MB/saniyə ötürmə sürətinə və 20-14 millisaniyə axtarma müddətinə malik idi. Zip disklərin satışı 1999-2003-cü illərdə kəskin azaldı. Bu onun yeni CD-lərlə müqayisədə hər meqabayt üçün daha baha qiymətə malik olması ilə əlaqədar idi.

Kompakt disk (CD) – rəqəmli verilənləri saxlamaq üçün istifadə olunan optik diskdir. O ilk əvvəllər səs yazılarına saxlamaq üçün yaradılsa da, sonralar verilənləri saxlamaq (CD-ROM), səs və verilənləri birdəfəlik yazmaq üçün (CD-R), medianı təkrar yazmaq üçün (CD-RW), video kompakt disklər (VCD), super video kompakt disklər (SVCD), PhotoCD, PictureCD, CD-i, genişləndirilmiş CD (Enhanced CD) qurğularını əhatə etmişdir.
Audio CD və audio CD pleyerlər 1982-ci ilin oktyabrından satışa çıxarılmışdır. Standart CD 120 mm (4,7 düym) diametrə, 80 dəqiqə sıxılmamış audio və ya 700 MB verilənlər saxlamaq qabiliyyətinə malikdir. Mini CD 60-80 millimetr diametrə, 24 dəqiqə audio saxlamaq qabiliyyətinə malikdir.
CD-ROM və CR-R kompüter sənayesində geniş istifadə olunan texnologiyalardır. 2004-cü ildə 30 milyard ədəd CD və onun genişlənmələri satılmış, 2007-ci ildə 200 milyarda çatmışdır.
CD-ROM disklərdə fiziki fraqment və sektor ölçüsü CD ilə eynidir. Diskdə yerləşən informasiya bir neçə cür ola bilər və hər bir növ üçün spesifikasiyada göstərilmiş yazı formatı olur. Onlara kitab deyilir: qırmızı kitab (1982) – audio informasiya; narıncı kitab (1985) – verilənlərin saxlanması; yaşıl kitab (1988) – video və audio cığırların uyğunlaşdırılması; ağ kitab (1993) – mp4.

DVD (Digital Video/Versatile Disc) – 1995-ci ildə Philips, Sony, Toshiba və Panasonic tərəfindən yaradılmış optik disk media mühafizəsi formatıdır.
1993-cü ildə iki yeni optik disk formatı yaradıldı. Onlardan biri Philiss və Sony tərəfindən yaradılan “Multimedia CD”, digəri isə Toshiba, Time Warner, Matsushita Electric, Hitachi, Mitsubishi Electric, Pioneer, Thomson və JVC firmaları tərəfindən dəstəklənən “Super Density (SD) disc” idi. Bir-birindən ayrı işləyən qruplar 1995-ci ildə bir standart üzərində işləməyə başladılar. 1997-ci ilin payızında Pioneer firması tərəfindən DVD-R standartı yaradıldı. Bu disklərin birdəfəlik istifadə üçün (DVD-R) və yenidən yazıla bilən (DVD-RW) modifikasiyaları vardır. Üçüncü DVD standartı isə DVD+R oldu. Bu disklər DVD-R-ə nisbətən ikiqat sürətə malikdir. Xüsusən də, DVD+RW videofilmlərin birbaşa diskdə redaktə etmək imkanı ilə fərqlənir.
DVD disklər bir qatlı və iki qatlı da ola bilirlər. Bu halda ikinci informasiya qatı birinci qatın altında yerləşir və onu oxumaq üçün lazeri yenidən fokuslamaq tələb olunur. Bu cür disklərin oxunması zamanı bir qatdan digərinə keçid üçün iki texnologiya istifadə olunur: Paralel cığır izləmə (PTP) və əks cığır izləmə (OTP). Birinci texnologiyada hər iki qatda informasiya cığırı (spiral) diskin daxili hissəsindən başlanır. İkincidə isə birinci qatda çığır daxili hissədən, ikinci qatda isə xarici hissədən başlayır. İkinci halda lazer başlıq ikinci qatı oxumaq üçün diskin mərkəzinə qayıtmır.
İki qatlı DVD-R və DVD-RW ilk dəfə 2004-cü ilin sonunda işıq üzü görmüşdür.
DVD verilənlərin strukturuna görə 3 növə bölünür:
DVD-Video – filmlərin saxlanması üçün (video və səs);
DVD-Audio – səs verilənlərinin yüksək keyfiyyətlə saxlanması üçün;
DVD-Data – istənilən veriləni saxlamaq üçün.
DVD informasiya daşıyıcısı kimi döprd tipə bölünür:
DVD-ROM – injeksiyon tökmə üsulu ilə hazırlanmış disk;
DVD-R/RW – bir dəfə yazıla bilən (R-Recordable) və bütün yazının silinməsindən sonra təkrar yazıla bilən (RW-ReWritable)
DVD+R/RW – bir dəfə yazıla bilən (R-Recordable) və təkrar yazıla bilən (RW-ReWritable);
DVD-RAM – təkrar yazıla bilən disk.
Blu-rey disk (Blu-ray Disc – BD) – DVD formatını əvəz etmək üçün layihələndirilmiş optik disk yaddaş mühitidir. Ölçüsü DVD və CD-lərin ölçüləri ilə eyni olub 120 mm diametr, 1,2 mm qalınlığa malikdir. Blu-rey disklərin hər təbəqəsi 25 GB (qiqabayt) tutuma malikdir. Üç qatlı və dördqatlı (təbəqəli) disklər BD-XL Blue-rey yenidən yazan sürücülər üçün münasibdir. İlk Blu-rey disk prototipləri 2000-ci ilin oktyabrında ortaya çıxdı və ilk player prototipi isə 2003-cü ilin aprelində Yaponiyada yaradıldı. Sonralar 2006-cı ilın iyun ayında rəsmi buraxılışına kimi təkmilləşdirilmişdir. Blue-ray Disc adı diski oxumaq üçün istifadə olunan göy lazerə işarədir ki, informasiyanı DVD-lər üçün istifadə olunan uzun dalğalı qırmızı lazerə nisbətən daha böyük sıxlıqla saxlamağa imkan verir. Eyni texnologiya ilə işləyən HD DVD isə 15GB tutuma malikdir.
|
Tip |
Diametr (sm) |
Qatlar |
Tutum GB |
Tutum GiB |
|
Standart disk ölçüsü, bir qat |
12 |
1 |
25.0 |
23.3 |
|
Standart disk ölçüsü, iki qat |
12 |
2 |
50.1 |
46.6 |
|
Mini disk ölçüsü, bir qat |
8 |
1 |
7.8 |
7.3 |
|
Mini disk ölçüsü, iki qat |
8 |
2 |
15.6 |
14.5 |
HVD (Holographic Versatile Disc – Haloqrafik çoxtərəfli disk) – 2004-cü ilin aprelindən 2008-ci ilin ortalarına kimi təkmilləşdirilmiş optik disk texnologiyası olub digər optik disklərin ölçüləri çərçivəsində bir neçə terabayt verilən saxlaya bilir. O kollinear haloqrafiya adlı texnikadan istifadə edir, belə ki, yaşıl (532 nm) və qırmızı (650 nm) lazer şüaları bir şüada birləşdirilir. Yaşıl lazer diskin üzərinə yaxın haloqrafik qatdan verilənləri oxuyur. Qırmızı lazer istinad şüası kimi istifadə olunur və altdakı alüminium qatdan servoinformasiyanı oxuyur. Servoinformasiya disk üzərində oxuma başlığı, iz (cığır) və sektor informasiyalarnı əks etdirir. CD və DVD disklərdə bu servoinformasiya verilənlər arasında səpələnmiş olur. Haloqrafik verilənlər və servo verilənlər arasındakı güzgü qat yaşıl şüanı əks etdirdiyi halda, qırmızı şüanı özündən buraxır.
Flaş (Flash) yaddaş qurğuları 2001-ci ildə yaradılmışdır. Bu informasiya üçün “mobil konteyner” xidmətini göstərir. Flaş yaddaş kartları müxtəlif formatlara malik olub, pleyerlərdən tutmuş handheld kompüterlər və rəqəmli kameralara qədər müxtəlif qurğularda istifadə olunurlar. Buraya əsasən aşağıdakı yaddaş kartları daxildirlər:
§ Compact Flash
§ Micro Drive sərt diski
§ Secure Digital (SD)/Multimedi Card (MMC)
§ xD (eXtreme Digital)
§ Memory Stick