Kompüterin əsas xarakteristikalarına işləmə sürəti, yaddaş tutumu, hesablama dəqiqliyi, əmrlər sistemi, qiyməti və iş etibarlılığı daxildir.
§ İşləmə sürəti – prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların (toplama, göndərmə, müqayisə və s.) sayı ilə təyin olunur. İşləmə sürəti ilə yanaşı çox vaxt məhsuldarlıq anlayışından da istifadə olunur. Məhsuldarlıq vahid zaman ərzində kompüterdə həll olunan məsələlərin orta sayı ilə təyin olunur. Əgər işləmə sürəti kompüterin elementləri ilə əlaqəlidirsə, məhsuldarlıq kompüterin arxitekturası və həll olunan məsələlərin tipləri ilə bağlıdır.
§ Yaddaş tutumu (həcmi) – kompüterin yaddaşında saxlanıla bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur.
§ Hesablama dəqiqliyi – ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır.
§ Əmrlər sistemi – prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur.Əmrlər sistemi prosessorun hansı əməliyyatları yerinə yetirdiyini, əmrdəki operandların sayını, əmrin formatını təyin edir. Kompüterdə orta hesabla 100-ə qədər əmrdən istifadə olunur.
§ Kompüterin qiyməti – işləmə sürəti, yaddaş tutumu, əmrlər sistemi, xarici qurğuların sayı və çeşidi, proqram təminatı və s. amildən asılıdır.
§ İş etibarlılığı – müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin öz xassələrini saxlamaq qabiliyyətidir. Kompüterin iş Etibarlılığının göstəriciləri aşağıdakılardır:
- müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin dayanmadan işləməsi ehtimalı;
- nasazlıqların aşkarlanması və aradan qaldırılması;
- kompüterin işinin bərpasına sərf olunan vaxt.