Elektrolitlərin Om qanununa tabe olmasına əsasən Klauzius belə qərara gəlmişdir ki, elektrik enerjisi ionların məhlulda hərəkəti zamanı istifadə olunur. Kolrauş müşahidə etmişdir ki, elektrolit məhlullar durulaşdırıldıqda, onlar elektrik cərəyanını daha yaxşı keçirir. Vant-Hoff və Raulun müəyyən etdikləri qanunlar turşu, əsas və duzların məhlullarına tətbiq edilə bilmir.
    Bütün bu məsələlər öz həllini  Svante Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsində tapmışdır. İsveç alimi S.Arrenius 1887-ci ildə müəyyən etmişdir ki, elektrolitlərin suda məhlullarının donma temperaturunun azalması, qaynama temperaturunun artması və onların elektriki keçirmə qabiliyyəti turşu, əsas və duz molekullarının suda məhlullarında əks işarəli yükləri olan ionlara dağılmaq və ya dissosiasiya etməsi ilə əlaqədardır. Elektrolit məhlullarında arasıkəsilmədən hərəkət edən ionların olması bu məhlullarda elektrikkeçirmə qabiliyyətinin yaranmasına səbəb olur.
    Xaotik hərəkət edən əks yüklü ionlar toqquşduqda bir-birini cəzb edir və ilkin molekulu əmələ gətirir. Bu yolla ionlardan ilkin molekulların əmələ gəlməsi prosesi molyarizasiya adlanır. Deməli, elektrolitik dissosiasiya dönən prosesdir:
    KA ↔ K+ + A-
    Arrenius nəzəriyyəsi ionlar ilə həlledicinin molekulları arasında qarşılıqlı kimyəvi təsiri nəzərə almadığından, o elektrolitlərin dissosiasiyasının mexanizmini aydınlaşdıra bilməmişdir.
    Əslində məhlulda elektrolitlərin dissosiasiyaya uğraması həm onların, həm də həlledicinin təbiəti ilə bilavasitə əlaqədardır. Elektrolitlər qüvvətli polyar və ya ion molekullardan ibarətdir. Həlledici isə dielektrik sabiti yüksək olan müxtəlif maddələr ola bilər.
    Kablukov göstərmişdir ki, elektrolitin ionlara dissosasiya etməsinin əsas səbəbi onun polyar su molekulları ilə qarşılıqlı təsiridir.
    Əgər ion kristal şəbəkəsinə malik olan maddə həll olursa, o birbaşa ionlara çevrilir; molekul kristal qəfəsli maddə həll olduqda isə əvvəlcə kristalın ayrı-ayrı molekullara parçalanması baş verir, sonra isə həmin molekullar öz ionlarına dissosiasiya edir. Eyni bir maddənin müxtəlif həlledicilərdə ionlarına dissosiasiyası müxtəlif cür gedir. Beləliklə, müxtəlif həlledicilərin ionlaşdırma qabiliyyəti eyni deyildir.
    Tomson-Nernst qaydasına görə həlledicinin ionlaşdırıcı qabiliyyəti ilə onun dielektrik sabiti arasında düz mütənasiblik vardır. Qeyri üzvi maddələrin əsas həlledicisi olan suyun dielektrik sabiti 81-ə bərabərdir, odur ki, su həlledici olduqda məhlulda ionların bir-birini cəzbetmə qüvvəsi vakuumdakından 81 dəfə zəif olur.
    İonlaşdırıcı həlledicilər polyar molekullu birləşmələr olub, dipol əmələ gətirirlər.
    Elektrolitlərin dissosiasiya prosesinin daha effektli getməsinə həll olan və həlledici maddə molekulları arasında hidrogen rabitələrin yaranması da müsbət təsir göstərir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png