Relyasiya strukturlu VB-nın əsas cəhətləri

Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər. Relyasiya strukturlu verilənlər bazasında sahə cədvəlin (nisbətin) sütunlarıdır (domenlər), yazı isə sətirlərdir (kortejlər). Relyasiya strukturlu verilənlər bazasında domenlərin sayına relyasiya nisbətinin qüvvəti, yazıların sayına isə relyasiya nisbətinin gücü deyilir.


Sahələrin xüsusiyyətləri. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə  müəyyən olunur.

Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.

Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.


Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.

Mətn sahələr (Text) – mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var – onun ölçüsü 255-dən çox ola bilməz, yəni orada saxlanılan verilən 255 simvoldan artıq ola bilməz.

Ədədi sahələr (Number) – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.  

Tarix/vaxt (Date/Time) tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.

Xüsusi tip sahələr – pul sahəsi (Currency). Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir.

Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt (OLE object) sahəsiadlanır.

Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.

Ən maraqlı sahə sayğac sahəsidir (Autonumber). İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.

Bu sahələrdən başqa VB-da Məntiqi (Yes/No), Hiperistinad (Hyperlink), Qoşma (Attachment), Hesablanmış (Calculated) kimi sahə tipləri də mövcuddur.

Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.

Əlaqəli cədvəllər. VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.

 

Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya  görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.

Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.


 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov