Məntiqi verilənlər yalnız iki qiymətdən ibarətdir: yalan və doğru. Kompüterin daxili kodu ikilik say sistemi olduğundan, məntiqi verilənlərin təsviri belə sadə üsulla aparılır:
Yalan → 0 (False)
Doğru → 1 (True)
1963-cü ilə qədər hesablama texnikası mətnlərin kodlaşdırılması standartına malik deyildi. Mətni verilənlərin daxil və xaric edilməsi məqsədilə teleqraf rabitəsindən məlum olan qurğular, yəni teletayp və elektrik yazı makinası istifadə edilirdi. EHM-lər üçün kod simvollarının standartlaşdırılmasına 1963-cü ildə ASCII-nin birinci versiyası yaradılan dövrdə ilk təşəbbüs edilmişdir. Bu versiyada kod sisteminin çatışmazlığı çox idi. Buna görə də 1968-ci ildə ASCII-nin ikinci versiyası hazırlandı.
ASCII kodlaşdırma sistemində hər simvol 8 mərtəbəli 2-lik rəqəmlə kodlaşdırılır və 8 bit (1 bayt) informasiya daşıyır. ASCII (American Standard Code for Information Interchange) sandartı 256 simvolu kodlaşdırmağa imkan verir ki, onun da ilk 32 (0-dan 31-ə qədər) kodu çap işarələrilə göstərilmir. Onlara aiddir: idarəedici kodlar (uzaq qurğuları, məsələn printeri idarə edir); formatlaşdırma kodları (məlumatın tərtibatı üçün); ayırıcı kodlar (verilənlər dəstinin strukturlaşdırmaq üçün). 32-ci simvol boşluğa (probel) uyğundur. 127-yə qədər olan digər kodlar rəqəmləri, durğu və əməl işarələri, həmçinin ingilis dilli əlifbanı kodlaşdırır. 128-255-ə qədər olan hissənin isə müxtlif variantları var və bu hissədə milli əlifbaların simvolları kodlaşdırılır. Lakin eyni bir mətndə bin neçə milli əlifbadan istifadə edilməsi mümkün deyildir.
ASCII kodundan fərdi kompüterlərdə simvol tipli verilənlərin təsviri üçün istifadə olunur. Ümumi təyinatlı kompüterlərdə isə simvol verilənlərin təsviri üçün beynəlxalq miqyasda qəbul olunmuş EBCDIC (Expanded Binary Coded Decimal Interchange Code – informasiya mübadiləsi üçün genişləndirilmiş ikilik kodlaşdırılmış kod) və onun rus hərfləri ilə genişləndirilməsindən ibarət olan ДКОИ (Двоичный Код для Обмена Информацией) kodundan istifadə olunur.
ASCII kodu dünya miqyasında milli əlifbaların hamısının kompüterdə təsvirinə imkan vermir. O, cümlədən simvollarının sayı çox olduğundan 128-dən 255-ə kimi aralıqda yerləşdirilə bilinməyən bir çox əlifba var (çin, yapon, Koreya və s.). Odur ki, simvol tipli verilənlərin təsviri üçün UNICODE (UNIversal CODE – universal kod) adlanan standart koddan istifadə edilir. UNICODE 1987-ci ildə XEROX-dan Co Beker, APPLE-dan Li Kollins və Mark Deyvisin birlikdə universal simvol dəstini yaratmağa başlaması ilə meydana çıxıb. Bu kodlaşdırma sisteminin əsasında üç prinsip durur:
1) Hər bir simvolun unikal adı olur
2) Hər bir simvolun kodlaşdırma cədvəlində mövqeyi ilə müəyyən edilən unikal nömrəsi vardır.
3) Hər bir simvol 16 mövqeli ikilik kodla ifadə olunur.
16 bitlə 65536 müxtəlif simvol kodlaşdırmaq olar. UNICODE cədvəllərinin ilk 128 kodu ASCII cədvəlinin əsas hissəsi ilə eynidir. UNICODE 28 min hərf, işarə, heca, dünya milli dillərinin hieroqliflərini əhatə edir və cədvəldə 30 mindən artıq yer ehtiyatdadır.
Audio informasiyanın kodlaşdırılması. Səs – kəsilməz siqnaldır. Analoq səs siqnalının ikilik kodlaşdırılması zamanı kəsilməz siqnal diskretləşdirilir. Diskretləşdirmə ilə eyni vaxtda kvantlaşdırma (amplitudun ani qiymətlərinin ölçülməsi və onların rəqəmsal koda çevrilməsi) aparılır. 8 bit kod sözü üçün amplitudun 256, 16 bitdə isə 65536 qradasiyası olur.
Stereosəs üçün diskretləşdirmə və kvantlaşdırma ayrı-ayrılıqda aparılır və sağ, sol kanallar üçün asılı deyildir. Kompüterdə səsin yazılması və canlandırılması üçün 8 və ya 16 bitlik səs kartlarından istifadə olunur.
Diskret şəkildə səsin keyfiyyəti (translyasiyanın keyfiyyəti) 8 bit və ya 5,5 kHs üçün pis və 16 bit və ya 44 kHs üçün isə (audioCD-nin keyfiyyəti) kifayət qədər yüksək ola bilər.
Qrafiki verilənlərin kodlaşdırılması. İstənilən təsviri fərdi çalarlara malik nöqtələrin koordinatları vasitəsilə kodlaşdırmaq olar. Yalnız ağ və qara rəngdən ibarət olan, boz rəng qradasiyası olmayan təsvirin (buna monoxrom təsvir deyilir) hər nöqtəsini bitlə (ağ rəng – 1, qara rəng - 0) kodlaşdırmaq mümkündür. Eyni zamanda, ağ-qara təsviri boz rəngin ağdan qaraya kimi 256 qradasiyası vasitəsilə də kodlaşdırmaq olar. Bu zaman bizə 8 bit və ya 1 bayt uzunluğunda kod lazım olacaq (256 = 28).

Rəngli qrafik təsvirlərin kodlaşdırılması üçün rənglərin əsas tərkib hissələrinə ayrılması (dekompozisiya) prinsipi istifadə olunur: Qırmızı (Red), Yaşıl (Green) və Göy (Blue). Çünki istənilən rəngi göstərilən 3 rəngin qarışdırılması yolu ilə almaq olar. Rəngli təsvirin belə rejimi tamrəngli (True Color) adlanır və 3 baytın (hər rəng üçün 256 qradasiya və ya 1 bayt) köməyi ilə 16,8 milyona yaxın müxtəlif rəng alınır.
Əsasən, poliqrafiyada rənglərin kodlaşdırılmasının başqa metodundan istifadə olunur. Bu kodlaşdırma sistemi CMYK (C – Cyan (mavi), M – Magenta (Moruğu), Y – Yellow (sarı), K – Key (açar); açar rəng olaraq qaradan istifadə olunur) adlanır. Əgər hər rəngin 256 (8 bit) qradasiyasından istifadə olunarsa, 32 mərtəbəli (4 bayt) tamrəngli (True Color) rejim, hər rəngin 16 (4 bit) qradasiyasından istifadə olunarsa, 16 mərtəbəli (2 bayt) yüksək rəng (High Color) rejimi alınar.
Rəngli qrafika ilə iş zamanı kodlaşdırmanın indeksli metodu tətbiq olunur. Burada rastrın hər bir nöqtəsinin kodu rəng deyil, onun palitra adlanan və hər hansı sorğu cədvəlində saxlanılan nömrəsini (indeksini) saxlayır.
Qrafiki informasiya monitorun ekranında nöqtələrdən (piksellərdən) formalaşdırılır. Ekran pikselinin ölçüsü təxminən 0,0018 düym-ə bərabərdir. Ekrandakı nöqtələrin miqdarına ekranın icazə verilən xüsusiyyəti və ya ekranın seyrəkliyi deyilir.
Video informasiyanın kodlaşdırılması. Video informasiya kadr və səs müşayiəti ardıcıllığından ibarətdir. Videoaxında olan verilənlərin həcminin azaldılması, informasiyanın kompüterə yazılması üçün, adətən, verilənlər axınını sıxlaşdırılması ilə kodlaşdırma tətbiq olunur. Sıxılmış diskret tərpənməz (statik) təsvir faylının ölçüsü 4 parametrdən asılıdır: təsvirin sahəsi, ayırdetmə, pikselin təsviri üçün zəruri olan bitlərin miqdarı, sıxlaşdırma əmsalı. Videofilmdə buna təsviri əmələ gətirən statik təsvirlərin sayı da əlavə olunur.
Qrafiki və video informasiyaların həcmləri böyük olur. Onların ölçülərini kiçiltmək üçün təsvirin sıxlaşdırılma texnologiyalarından istifadə edilir. JPEG (Joint Photographic Experts Group) qrafiki faylın ölçüsünü 10-12 dəfə kiçiltməyə imkan verir. Video informasiyanın sıxlaşdırılması üçün isə MPEG (Motion Picture Engeneering Group) standartının texnologiyasını tətbiq edirlər.
Multimedia informasiya – kompüterin ekranında və ya multimedia proyektorda təqdim olunan mətn, səsli (audio), qrafiki və video informasiyanın birləşməsidir. Multimedia kompüter proqramları informasiyanın paralel axınını formalaşdırmağa imkan verir: mətn, vizual, səsli (audio).