Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur.
Topologiya – lokal şəbəkənin forma və strukturunu qrafiki əks etdirən nəzəri bir konstruksiyadır. Lokal şəbəkələrin topologiyalarını həm fiziki, həm də məntiqi nöqteyi-nəzərdən təsvir etmək olar.
Fiziki topologiya – lokal şəbəkənin komponentlərinin həndəsi yerləşməsini təsvir edir.

Məntiqi
topologiya –
qarşılıqlı əlaqə yarada bilən şəbəkənin son nöqtələri arasında mümkün
olan birləşmələri əks etdirir. Kompüter şəbəkəsinin topologiyası
dedikdə şəbəkənin kompüterlərinin fiziki yerləşməsi və onların rabitə
xətləri vasitəsilə birləşməsi üsulu başa düşülür. Topologiya –
avadanlığa qoyulan tələbləri, istifadə olunan kabelin növünü,
mübadilənin idarə olunmasının daha rahat üsullarını, işin
etibarlılığını, şəbəkənin genişlənməsi imkanlarını təyin edir.