İnformatika

İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics) terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər.

“İnformatika” termini bəzi hallarda “Kompüter elmi” (Computer science) termini ilə eyniləşdirilir. Hazırda İnformatika informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı) avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitələri və metodlarından bəhs edən elm sahəsi kimi formalaşmışdır.

İnformatika elminin funksiyaları, imkanları, formaları, metodlarının çox şaxəliliyi ilə əlaqədar olaraq çoxlu sayda tərifi var.

İnformatika – kompüterlərin köməyi ilə informasiya prosesləri və onların tətbiq sahələri ilə qarşılıqlı təsirdə olan insan fəaliyyətinin bir sahəsini əhatə edən elmdir.

İnformatika – kompüterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir.

İnformatika – müxtəlif təbiətli sistemlərdə (ictimai, texniki, sosial) informasiya və informasiya prosesləri, həmçinin kompüter texnikasından istifadə etməklə onların (informasiya və informasiya proseslərinin) avtomatlaşdırılması üsulları haqqında elmdır.

İnformatika fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.

İnformatika informasiya metodları, vasitələri və texnologiyaları haqqında elmdir.

İnformatika geniş mənada informasiyanın emalı ilə əlaqədar olan vahid halda birləşmiş müxtəlif elm, texnika və istehsalat sahələridir. İnformatika fundamental elm olaraq, digər elmlərlə əlaqədardır:

·         Fəlsəfə – ümumi elmi anlayış olan informasiya elmi kateqoriyası və dərketmə nəzəriyyəsi vasitəsi ilə;

·         Riyaziyyat – riyazi model, riyazi məntiq və alqoritmlər nəzəriyyəsi vasitəsi ilə;

·         Kibernetika – idarəetmə elmi ilə;

·         Linqvistika – təbii dilləri öyrənən elm ilə;

·         Sistemotexnika (Systems Engineering) – texniki və sosial-texniki xarakterli mürəkkəb sistemlərin layihələndirilməsi, yaradılması, sınaqdan keçirilməsi və istismarını əhatə edən elmi və texniki istiqamət ilə.

Bəzən “informatika” və “kibernetika” anlayışları qarışdırılır. İnformatika kibernetikadan fərqli olaraq, müxtəlif sistemlərdə idarəetmə məsələlərini həll etmədən, informasiyanı daha geniş miqyasda emal etmək və yaratmağın öyrənilməsi ilə  məşğul olur.

Ümumilikdə, İnformatikanın fundamenti (əsası) - hesablama prosesləri, maşınları, sistemləri və şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir.

Məhdud mənada informatika qarşılıqlı əlaqədə olan 3 komponenetdən ibarətdir:

§  İnformasiya daşıyıcıları (data medium)

§  Texniki vasitələr (hardware)

§  Proqram və alqoritmik vasitələr (software).

İnformasiya daşıyıcısı – informasiyanın yazılıb saxlanıldığı fiziki vasitələrdir: kağız, perfolent, perfokart, maqnit diski, maqnit lenti, çevik və bərk (sərt) disklər, kompakt disk, flaş disk və s.

İnformatika müasir baxımdan üçlü funksiya daşıyır:

·         fundamental elm;

·         tətbiqi elm;

·         iqtisadiyyat sahəsi.

İnformatika elminin əsas tərkib hissələri aşağıdakılardır:

§  Hardware (aparat təminatı)

§  Software (proqram təminatı)

§  Brainware (alqoritm təminatı)

 

İnformatikanın predmetini aşağıdakı anlayışlar təşkil edir:

-          hesablama texnikası vasitələri;

-          hesablama texnikası (HT) vasitələrinin proqram təminatı (PT);

-          insanın HT və PT ilə qarşılıqlı əlaqə metodları;

-          informasiya resursları;

-          informasiya texnologiyaları;

-          paylanılmış informasiya resurslarından istifadə üçün vasitələr və texnologiyalar;

-          PT-dən istifadə etməklə HT bazasında insanın informasiya resursları ilə qarşılıqlı əlaqəsi metodları və vasitələri;

-          informasiya resurslarının həyat dövrünü təmin edən instrumental vasitə və texnologiyalar;


Qarşılıqlı əlaqə vasitələrinə informatikada interfeys deyilir. Buna görə də aparat və proqram təminatının qarşılıqlı əlaqə vasitələri bəzən proqram-aparat interfeysi, insanın aparat və proqram ilə qarşılıqlı əlaqə vasitələri istifadəçi interfeysi adlandırılır.

İnformatikanın əsas vəzifəsi hesablama texnikasının aparat və proqram vasitələrilə işin üsul və metodlarını sistemləşdirməkdən ibarətdir.

Əsas təcrübi vəzifələr baxımından informatikanın aşağıdakı istiqamətlərini göstərmək olar:

-          Hesablama sistemlərinin arxitekturu;

-          Hesablama sisteminin interfeysi;

-          Proqramlaşdırma;

-          İnformasiyanın mühafizəsi;

-          Standartlaşdırma;

-          Nəzəri informatika;

-          Kibernetika;

-          Süni intellekt;

-          İnformasiya sistemləri;

-          Hesablama texnikası;

-          Cəmiyyətdə informatika;

-          Təbiətdə informatika və s.

Qeyd olunmalıdır ki, son illərdə  “İnformatika” termini əvəzinə “Kompüter texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox  istifadə olunur.

 

Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir.

 

Kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.

 

İnformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

İnformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN, WAN,  XML, HTTP və s. göstərmək  olar.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov